ELM VƏ TƏHSİL
Qəbələ rayonunda yeni məktəb binası istifadəyə verilmişdir
Qəbələ, 16 sentyabr (AZƏRTAC). Qəbələ rayonunun Kiçik Pirəli kəndində yeni məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq tikilən 180 yerlik məktəb binasının açılışında Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev son illər ölkədə müasir tipli yeni məktəb binalarının inşasının geniş vüsət aldığını, təhsilin inkişafına dövlət qayğısının ildən-ilə artdığını bildirmişlər. Bugünkü şagirdlərin parlaq gələcəyə sahib olması, onların mükəmməl təhsilə yiyələnməsi üçün dövlət səviyyəsində atılan səmərəli addımlar Qəbələnin təhsilinə də müsbət təsir göstərmiş, yeniliklər gətirmişdir.
Təkcə bu il ali məktəblərə qəbul imtahanlarında qəbələli abituriyentlərdən 27-si 600-dən yuxarı bal toplamışdır. Qeyd edilmişdir ki, ötən 10 ildə rayonda 5 min 520 yerlik 25 yeni məktəb istifadəyə verilmişdir. Bunlardan 2.020 yerlik 9 məktəb binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur. Fondun dəstəyi ilə 320 yerlik Çuxur Qəbələ tam orta məktəb binası da əsaslı təmir edilmişdir. Yeni dərs ilində məktəblərin inventar və avadanlıqla təmin olunması həmişə olduğu kimi yenə də diqqət mərkəzində saxlanılmışdır. Yerli büdcə hesabına ümumilikdə 294 min 143 manat dəyərində 1.029 parta, 100 yazı lövhəsi, 200 kitab şkafı, 1300 stul, 200 müəllim masası 15 direktor kabineti dəsti, 50 paltar şkafı və müxtəlif adda avadanlıq alınaraq bölgü əsasında məktəblərə paylanılmışdır.
Məlumat verilmişdir ki, Kiçik Pirəli kəndində yeni istifadəyə verilən 180 yerlik ikimərtəbəli yeni məktəb binası müasir üslubda inşa olunmuş və lazımı maddi-texniki baza ilə təchiz edilmişdir.
Tədbirdə məktəb direktorunun, müəllim və şagirdlərin, ağsaqqalların təbriki, xeyir-duası dinlənilmiş, binanın açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş və məktəbdə tədris üçün yaradılmış şəraitlə tanışlıq olmuşdur. Birinci sinif şagirdlərinə çanta və məktəbli ləvazimatları verilmişdir.