İDMAN
Qəbələdə keçirilən peyntbol üzrə ölkə çempionatının qalibləri məlum olub
Qəbələ rayonunda 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr-Konstitusiya Günü münasibətilə keçirilən peyntbol üzrə Azərbaycan çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən yarışma Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, ASAN Xidmətin və “Qəbələ” Atıcılıq Klubunun dəstəyi ilə Qəbələ Olimpiya İdman Kompleksində keçirilib. Çempionatda Fövqəladə Hallar, Ədliyyə, Vergilər nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, ASAN Xidmətin və “Komandos” Peyntbol Klubunun komandaları iştirak ediblər. Hər komandada 6 nəfər olub. Nizamnaməyə uyğun olaraq oyunlar hər biri 8 dəqiqə olmaqla 2 hissədə keçirilib.
Yarışda Fövqəladə Hallar Nazirliyinin komandası birinci, ASAN Xidmətin komandası ikinci, Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası isə üçüncü yeri tutublar.
Qalib komandaya Gənclər və İdman Nazirliyinin diplomu və çempionatın kuboku, digər iki komandaya diplomlar təqdim olunub. Bütün komandalara qiymətli hədiyyələr təqdim edilib. Kubok və diplomları Avropa Peyntbol Federasiyasının birinci vitse-prezidenti Viktor Toqayev və Azərbaycan Peyntbol Federasiyasının prezidenti, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim ediblər.