REGİONLAR
Qəbələli gənclər “Əsas həyat bacarıqları” təlimlərinə cəlb olunublar
Qəbələ, 16 may, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı ilə respublikanın 15 şəhər və rayonunda start götürən və gənclərdə özünü tanıma, şəxslərarası və düşünmə bacarıqlarının formalaşdırılmasını hədəfləyən “Əsas həyat bacarıqları” təlim proqramı Qəbələdə öz işini davam etdirir.
GİKM-nin Qəbələ nümayəndəliyinin direktoru Teymur Alşanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilən proqramın əsas məqsədi region gənclərinin şəxsi və peşəkar həyatda qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, onlarda sosial və emosional bacarıqların inkişaf etdirilməsinə dəstək olmaqdır. İki ay davam edəcək layihədə müsahibə əsasında seçilmiş 17-22 yaş arası gənclər iştirak edirlər.
Proqramın bu həftəsində təlimçi Nərmin Cabbarlı tərəfindən gənclərə “Mübahisələri həlletmə”, “Münasibətlərin idarə edilməsi”, “İnamlı ünsiyyət”, “Məqsədi müəyyənləşdirmə” və digər mövzular barədə geniş məlumat verilib.