DÜNYA
Qeyri-adi klaviaturalar
Bakı, 10 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, nauka.forblabla.com saytı dünya üzrə ən kreativ və qeyri adi dizayna malik klaviaturaları təqdim etmişdir.
“Yastıq klaviatura” - bu klaviatura istənilən sayta baxdıqdan sonra kompyuterdən uzaqlaşmadan yatmağa imkan verən yastıq funksiyasını həyata keçirir. “Yığılan klaviatura” - Yunsan Kim və Yusun Park tərəfindən hazırlanmış innovativ klaviatura istifadə edilmədiyi zaman yelpik kimi yığıla bilir. “Şüşə klaviatura” - Konq Fanuenin müəllifi olduğu klaviatura barmaqların hərəkətini izləyən kiçik kameranın köməyi ilə idarə olunur. “Virtual klaviatura” - istənilən hamar müstəvidə klaviaturanı tam əks etdirir. Klaviatura Bluetooth funksiyası olan smartfon, noutbuk kimi istənilən qurğu ilə işləyə bilir. “Skrebbl - klaviatura” - bu klaviaturanın bütün klavişləri “Erudit” oyunu üçün yararlıdır. “Optimus Popularis” - hər bir klavişin öz cari funksiyasını göstərdiyi yığcam klaviaturadır. “Klaviaturalı şalvar” - Erik De Nisin hazırladığı cins şalvarlara klaviatura birləşdirilmişdir. Ən son texnologiya və dəbi əks etdirən cinslərə dinamiklər və simsiz maus da “tikilib”. “Stimpank klaviatura” - bu mükəmməl retro klaviatura tamamilə funksionaldır. “OrbiTaç klavişlərsiz klaviaturası” - bu, standart klaviaturanın alternatividir. “Nəhəng klaviatura” - Morin Donyunun hazırladığı bu klaviaturada ayaqlarla yazmaq mümkündür. “Su keçirməyən klaviatura” - bu klaviaturanı adilərdən fərqləndirən onun yuyula bilmək qabiliyyətidir. “Fərdiləşdirilmiş klaviatura” - 50 dollar qiyməti olan bu klaviaturanın üzərində rəngli şəkil “çap etmək” mümkündür. “Taxta klaviatura” - taxta periferiya qurğuları seriyasına aid olan klaviatura Yaponiyanın “Marubeni İnfotek” şirkətinin məhsuludur. “Elastik klaviatura” - bu işıqlı elastik klaviaturanı daşımaq çox asandır. “Qızıl klaviatura” - “KYE” şirkətinin istehsal etdiyi klaviatura xalis qızıldan hazırlanmışdır.