İQTİSADİYYAT
“Qəzvin-Rəşt-Astara” dəmir yolunun tikintisi üzrə üçtərəfli konsorsium yaradılıb
Bakı, 7 avqust (AZƏRTAC). Azərbaycanla İran arasında nəqliyyat sahəsində iki razılaşma əldə edib.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan “Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi qərara alınıb. “Bu sahədə artıq bir sıra işlər görülüb. Yolun tikintisi üzrə Azərbaycan-İran-Rusiya üçtərəfli konsorsium yaradılıb. Azərbaycan tərəfinin payına düşən hissə Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək”, - deyə Ş. Mustafayev məlumat verib.
Nazir əlavə edib ki, Şimal-Cənub avtomobil magistralları da mühüm əhəmiyyət daşıyır. Bakıdan Rusiya sərhədinə qədər olan hissədə işlərin 90 faizi görülüb. Bakı-Astara avtomobil yolunun inşası üçün isə bütün maliyyə mənbələri müəyyənləşdirilib. Bu yolun çəkilişi ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə böyük tranzit potensialı yaranacaq, Rusiyadan Azərbaycan vasitəsi ilə İrana və əks istiqamətə yük daşımaq mümkün olacaq.