İQTİSADİYYAT
“Qış bulvarı”nın salınması üzrə hazırlıq işləri başa çatmışdır
Bakı, 12 fevral (AZƏRTAC). Ötən il paytaxtın Nəsimi rayonunda tikinti-quraşdırma işlərinin həcmi 8 faiz artaraq 340 milyon 309,2 min manat təşkil etmişdir.
Rayon icra hakimiyyətindən (RİH) AZƏRTAC-a verilən məlumata görə, bu müddətdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində rayonda genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılmışdır.
Rayon ərazisində yerləşən respublika və yerli əhəmiyyətli tarixi və memarlıq, monumental və xatirə abidələrinin, eləcə də bağ və parkların yenidən qurulması, qorunması və təbliği diqqət mərkəzində olmuşdur.
Görülmüş işlər sırasında bütövlükdə paytaxtın inkişafına xidmət edən layihələrin icrası xüsusi yer tutmuşdur. Bunlardan biri şəhərin mərkəzində yeni salınan “Qış bulvarı”dır. Heydər Əliyev Sarayının ətrafında yerləşən ərazidə həyata keçirilən bu layihənin reallaşdırılmasında RİH yaxından kömək göstərir. Artıq Y.Səfərov və Ə.Quliyev küçələrinin kəsişməsində yeni parkın salınması məqsədi ilə hazırlıq işləri başa çatdırılmışdır.