MƏDƏNİYYƏT
“Qızıl maska” mükafatlarının təqdimat mərasimi keçirilmişdir
Bakı, 11 fevral (AZƏRTAC). Londondakı Royal Opera House-da Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (The British Academy of Film and Television Arts, BAFTA) mükafatlarının təntənəli təqdimat mərasimi keçirilmişdir.
Amerikalı aktyor və kinorejissor Ben Afflekin İranda amerikalı girovların azad edilməsi əməliyyatından bəhs edən “Argo” filmi BAFTA-nın baş mükafatı - “Qızıl maska”nı almışdır.
Afflekin rejissoru və baş rol ifaçısı olduğu film 7 nominasiyada qələbəyə iddialı idi. “Argo” “Ən yaxşı rejissor”, “Ən yaxşı film” və “Ən yaxşı montaj” kateqoriyalarında bütün rəqiblərini üstələmişdir.
Əldə edilən mükafatların sayına görə 66-cı BAFTA mərasimində “Les Miserables” lider olmuşdur. Müzikl “Ən yaxşı səs”, “Ən yaxşı qrim”, “Ən yaxşı quruluşçu rəssam işi” və “Ən yaxşı arxa plan aktrisası” nominasiyalarında uğur qazanmışdır.
ABŞ-ın 16-cı prezidentindən bəhs edən, Stiven Spilberqin çəkildiyi “Lincoln” filmində Avraam Linkoln rolunu oynamış britaniyalı aktyor Deniel Dey-Lüis “Ən yaxşı aktyor” nominasiyasında “Qızıl maska” almışdır.
“Ən yaxşı aktrisa” nominasiyasında “Qızıl maska”ya avstriyalı rejissor Mixael Hanekenin “Amour” filmindəki roluna görə fransız Emmanuel Riva yiyələnmişdır. “Amour” həm də “Ən yaxşı əcnəbi film” adlandırılmışdır.
“Kinematoqrafa töhfələrinə görə” BAFTA-nın “Qızıl maska”sı britaniyalı rejissor, 68 yaşlı Alan Parkerə təqdim olunmuşdur. “Ən yaxşı Britaniya filmi” adını isə “Skyfall” filmi almışdır.
“Life of Pi” filmi “Ən yaxşı xüsusi effektlər” və “Ən yaxşı operator işi”ndə rəqibsiz olmuşdur. “Ən yaxşı animasiya” nominasiyasında “Qızıl maska” mükafatı “Brave”ə verilmişdir.