İQTİSADİYYAT
“Qoşadaş” strukturunda axtarış qazmasına başlanmışdır
Bakı, 17 iyul (AZƏRTAC). ARDNŞ-in “Xəzər” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi “Qoşadaş” strukturunda 1 nömrəli axtarış quyusunun qazılmasına başlamışdır. “Xəzər-6” özü qalxan-üzən qazma qurğusu vasitəsi ilə Mezozoy horizontuna qazılan quyunun layihə dərinliyi 3500 metrdir.
ARDNŞ-dən AZƏRTAC-a bildirmişlər ki, axtarış quyusunun qazılmasında əsas məqsəd Mezo-Kaynozoy çöküntülərinin neft-qazlılıq perspektivliliyini qiymətləndirilmək, sahənin tektonikasını və litoloji-stratiqrafik kəsilişini dəqiqləşdirməkdir.
Qeyd edək ki, “Qoşadaş” strukturu Abşeron arxipelaqının şimal-qərb hissəsində, sahildən 15 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 10-50 metr arasında dəyişir. 1957-1977-ci illərdə strukturda seysmik kəşfiyyat işləri aparılmış, ümumi dərinlik nöqtəsi üsulu ilə sahənin tektonikası öyrənilmişdir. Aparılmış seysmik işlərin nəticələrinə və qonşu strukturların məlumatlarına əsasən, strukturun tağ və tağa yaxın hissələrində Məhsuldar Qatın üst hissəsinin yuyulması, Qırməki altı lay dəstəsinin Miosen yaşlı çöküntülər üzərində yatması ehtimal olunur.
1989-cu ildə istismara verilmiş “Xəzər-6” qazma qurğusu vasitəsilə dənizin 10-70 metrlik hissəsində 6500 metr dərinliyə qədər qazma işi aparmaq mümkündür. “Qoşadaş” strukturunda 1 nömrəli axtarış quyusunun qazılması ilə əlaqədar olaraq, qurğuda əsaslı təmir işləri aparılmış və qurğu cari ilin may ayında qazma nöqtəsinə çıxarılmışdır.