REGİONLAR
Qubada “QAZel” markalı avtomobil aşıb, dörd nəfər ciddi xəsarət alıb
Xaçmaz, 6 iyun, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda “QAZel” markalı avtomaşının aşması nəticəsində dörd nəfər ciddi xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, hadisə bu gün saat 16:10 radələrində rayonun Dəlləkli kəndi ərazisində yerləşən bağlardan birində baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində aşan avtomaşında gilas yığmağa gələn 11 fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 7-si ilkin müayinədən sonra evə buraxılıb. Rayonun Bağbanlı kənd sakinləri Piriyeva Rahilə Yusif qızı, Qocayeva Faizə Nizam qızı, Zərdabi qəsəbəsinin sakini Paşayeva Seylan Telman qızı və Qusar rayonunun Cağar-palasa kənd sakini Balahmədova Larisa Soltanqulu qızının xəsarətləri isə ciddi olduğundan stasionar müalicəyə cəlb olunublar. Onlardan ikisinin vəziyyəti orta ağır, birinin vəziyyəti isə ağırdır.
Faktla bağlı araşdırma aparılır.