REGİONLAR
Qubada vətəndaşlara maddi ziyan vuran 3 nəfər məsuliyyətə cəlb olunub VİDEO
Quba, 23 dekabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində müxtəlif vaxtlarda oğurluq, soyğunçuluq və dələduzluq əməlləri törədərək vətəndaşlara maddi ziyan vuran şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan Xaçmaz rayon sakini Kamran Heydərovun ətrafında aparılan tədbirlərlə məlum olub ki, o, dekabr ayının əvvəlində Quba rayonunun Barlı kəndi ərazisində Əvəz Məmmədova məxsus “QAZ-53” markalı yük avtomobilinin ehtiyat hissəsini oğurlayaraq metal qəbulu məntəqəsinə satıb.
Quba RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində taksi sürücüsünün etibarından istifadə edərək ona məxsus mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirən şəxs də saxlanılıb. Araşdırmalarla onun Xaçmaz rayon sakini Firdovsi Hacıqayıbov olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs sürücüyə qarşı soyğunçuluq etdiyini etiraf edərək, əldə etdiyi mobil telefonu Bakı şəhərində satdığının bildirib.
Həmçinin keçirilmiş tədbirlərlə vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Bakı şəhər sakini Tural Quluzadə də saxlanılıb. Məlum olub ki, T.Quluzadə elan saytlarında qiyməti 1000 manatdan artıq olan mobil telefonu dəyərindən daha ucuz qiymətə – 700 manata satılması barədə elan yerləşdirib. Daha sonra ona zəng edən alıcı ilə satış qiyməti barədə razılığa gələrək beh göndərməsini tələb edib. Təqdim etdiyi bank hesab nömrəsinə alıcı tərəfindən beh göndərildikdən sonra T.Quluzadə zərərçəkmişin telefon zənglərinə cavab verməyərək onunla əlaqəni kəsib.
Saxlanılan hər üç şəxs məsuliyyətə cəlb olunublar. Onların başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.