ELM VƏ TƏHSİL
Qubadlı rayonunun məktəblərində ilk zəng səslənmişdir
Sumqayıt, 16 sentyabr (AZƏRTAC). Qubadlı rayonunun Sumqayıt şəhərində yerləşən bütün məktəblərində yeni dərs ilinin başlanması münasibətilə tədbirlər keçirilmişdir. Bilik günündə Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbinin müəllim və şagirdləri əsl bayram sevinci yaşamışlar. Rayonun daxili imkanları hesabına 300-ə qədər şagirdin təhsil aldığı məktəbin binası əsaslı təmir edilmiş, həmçinin 4 yeni sinif otağı tikilmişdir.
Yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Çingiz Salmanov müəllim və şagirdləri təbrik edərək, ötən dərs ilinin Çardaxlı kənd tam orta məktəbi üçün də uğurlu olduğunu bildirmişdir. Belə ki, məktəbin 13 məzunundan 7-si ali məktəblərə qəbul olmuşdur.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov yeni dərs ilinin başlanması münasibətilə bütün müəllim və şagirdlərə, ictimaiyyət nümayəndələrinə təbriklərini və xoş arzularını çatdırmış, elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmışdır. Prezident İlham Əliyevin təhsilə xüsusi qayğısını minnətdarlıqla qeyd edən M.İsaqov bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini də vurğulamışdır. Rayon icra hakimiyyətinin başçısı əmin olduğunu bildirmişdir ki, rayonun bütün məktəblərinin, o cümlədən Çardaxlı tam orta məktəbinin pedaqoji kollektivi yaradılmış şəraitdən maksimum bəhrələnərək şagirdlərin təlim-tərbiyəsi sahəsində daha yüksək nəticələr əldə edəcəklər.
Sonra yeni dərs ilinin başlandığını bildirən İlk zəng səslənmişdir. Qonaqlar birinci sinif şagirdlərini təbrik edərək, onlara təhsildə uğurlar arzulamışlar. Birincilər kövrək addımlarla sinif otaqlarına daxil olmuşlar.
Qeyd edək ki, Qubadlı rayonunun məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində təhsilin səviyyəsi ildən-ilə yüksəlir, ali məktəblərə qəbul olanların sayı artır. Bu il qəbul imtahanlarında iştirak edən 283 məzundan 165 nəfəri tələbə adını qazanmışdır.