DÜNYA
Raymond Pauls “Yeni dalğa”dan getməyi qəti qərara almışdır
Riqa, 12 aprel (AZƏRTAC). Bəstəkar Raymond Pauls gənc ifaçıların “Yeni dalğa” beynəlxalq mahnı müsabiqəsində 10 il iştirakından sonra müsabiqəni tərk etməyi qərara almışdır.
R.Pauls jurnalistlərə “Yeni dalğa”dan getdiyini bildirmişdir. O nəinki münsiflər heyətinin tərkibindən çıxdığını, hətta Dzintaridə keçirilən konsertlərə getməyi nəzərdə tutmadığını söyləmişdir.
Maestronun sözlərinə görə, o, hər il müsabiqə ilə əlaqədar müxtəlif tərəflərdən eşitdiyi, xüsusilə də, ruslara satılması ilə bağlı qınaqlardan yorulmuşdur.
R.Pauls Yurmalanın “Yeni dalğa”dan yaxşı qazanc əldə etməsinə baxmayaraq, Latviya hakimiyyətimin bu müsabiqəyə həmişə mənfi münasibətdə olduğunu gizlətməmişdir.
Bəstəkarın fikrincə, indiki halda keçmişin ağrı-acılarını bu günə daşımaq lazım deyildir, çünki Rusiya bazarı Latviyaya lazımdır.
Maestronun müsabiqədən gedişi çoxlu şayiə və söz-söhbətlərə səbəb olmuşdur. Təsdiq olunmamış məlumatlara görə, illər uzunu müsabiqənin münsiflər heyətinin həmsədri olmuş bəstəkarın yerinə müğənni Valeriya iddia edə bilər. R.Paulsun ardınca münsiflər heyətini tərk edəcək Layma Vaykulenin yerini isə Lara Fabian tutacaqdır. Doğrudur, münsiflər heyətinin sədri İqor Krutoy bunu inkar edir.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa