CƏMİYYƏT
Region QHT-ləri Qəbələdə bir araya gəlmişlər
Qəbələ, 20 dekabr (AZƏRTAC). Qəbələ rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 4 illik fəaliyyətinin yekunlarına həsr olunmuş məlumatlandırma sessiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində regionda fəaliyyət göstərən QHT rəhbərlərinin iştirakı ilə təşkil olunmuş tədbirdə Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev şuranın 4 illik fəaliyyəti və üçüncü sektora göstərilən dövlət qayğısından danışmışdır.
Sonra şura katibliyinin baş məsləhətçisi Elnur Bağırlı çıxış edərək, həyata keçirilən işlərin icra mexanizmindən söhbət açmışdır.
Tədbir iştirakçıların birgə müzakirəsi ilə keçən tədbirdə rayon icra hakimiyyətinin şöbə müdiri Varis Yaqubov bu tədbirin əhəmiyyətindən söz açaraq şuranın fəaliyyətini müsbət qiymətləndirmişdir.
Çıxışlarda qeyd olunmuşdur ki, ötən 4 il ərzində şura 1125 QHT layihəsinə 7,4 milyon manatdan artıq vəsait ayırmışdır. İctimai həyatın bütün sahələrini əhatə edən bu layihələr vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində müstəsna əhəmiyyət kəsb etmişdir. Son illər xarici donorlardan maliyyə yardımı ala bilməyən ölkə QHT-ləri şura vasitəsilə öz layihələrini kütləvi şəkildə reallaşdırmağa başlamışlar. Şuranın milli donor fəaliyyəti QHT sektorunda böyük canlanma yaratmış, uzun illər fəaliyyətsiz qalan QHT-lər dirçəlmiş, paytaxtda və regionlarda yeni QHT-lərin yaranması sürətlənmişdir.
Region QHT-lərinin şuranın elan etdiyi müsabiqələrdə iştirakını asanlaşdırmaq, onların təcrübəli qeyri-hökumət təşkilatları ilə rəqabət imkanlarını artırmaq üçün hər il bu QHT-lərin maliyyələşdirilməsi üçün şura tərəfindən ayrıca fond müəyyənləşdirilmişdir. Ötən 4 ildə 126 region təşkilatına 0,9 milyon manata yaxın vəsait ayrılmışdır. Regionlarda vətəndaş cəmiyyətinin gücləndirilməsi şuranın dəstəklədiyi prioritet istiqamətlər sırasına daxil edilmişdir. Gələn ilin ilk maliyyə yardımı müsabiqəsində region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə şura tərəfindən 240 min manat vəsaitin ayrılması nəzərdə tutulur.