MƏDƏNİYYƏT
Regionlarla tanışlıq yetişməkdə olan nəslin intellektual səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçılarını rayon rəhbərliyi, müəllimlər və valideynlər qarşıladılar.
Tur-aksiyanın qrup rəhbəri, rayon təhsil şöbəsinin metodisti Eminağa İsbarov ilk təəssüratlarını AZƏRTAC ilə bölüşərək dedi: “Təəssüratımız olduqca zəngindir. Cəlilabad rayonunun IX- XI sinif şagirdləri qədim Şəki şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi, mədəniyyət və incəsənət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları, sosial-iqtisadi inkişafı ilə yaxından tanış oldular.
Regionlarla tanışlıq şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə, onların intellektual səviyyəsinin yüksəlməsində müsbət təsir göstərir. Məktəblilər üçün belə bir imkan yaratdığına görə aksiyada iştirak edən şagird və müəllimlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Cəlilabad şəhərindəki 7 nömrəli tam orta məktəbin XI sinif şagirdi Aytac Ağayeva sevincini belə ifadə etdi: “Gəncənin, Göygölün və Şəmkirin tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında çox oxumuşdum. Tur-aksiya zamanı isə oxuduqlarımı bir daha əyani şəkildə gördüm. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir görmək yaxşıdır”.
Xanədah kənd tam orta məktəbinin IX sinif şagirdi Vüsal Cəsərli söhbətə qoşularaq dedi: “ Tur-aksiya zamanı yaddaşımda daha dərin izlər buraxan tarixi abidələr oldu. Gəncə Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən eksponatlar, Nizami Gəncəvinin və Cavad xanın məqbərələri, Göygöl rayonunda alman yaşayış məntəqələri ilə tanışlıq, Şəmkir şəhərində aparılan arxeoloji qazıntılar yaddaşımdan heç vaxt silinməyəcək. Bütün bunlar Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğunu bir daha sübut edir. Sinif yoldaşlarıma deməyə sözüm çoxdur. Səyahət etdiyimiz yerlərdə hər şey gözəl idi. Biz asudə vaxtlarımızda müxtəlif əyləncəli proqramlarda və intellektual oyunlarda da iştirak etdik”.