İQTİSADİYYAT
Rene Hostetler: “ADEX 2014” sərgisi hərbi sənayeyə marağı olan bütün insanları bir yerə toplayır
AZƏRTAC xəbər verir ki, bu sözləri birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi - “ADEX 2014” sərgisində iştirak edən “Crypto” şirkətinin Rusiya, MDB və Mərkəzi Asiya ölkələrində satış üzrə rəhbəri Rene Hostetler deyib.
“Crypto” şirkətinin nümayəndəsi diqqətə çatdırıb ki, biz üç istiqamətdə çalışırıq. Hərbi ratsiyalar üçün şifrəli kartlar, ictimai yayım şəbəkəsi və internet. Çox maraqlı olan üçüncü istiqamətimiz isə səsin şifrələnməsi, yəni tam şifrəli GSM sistemidir. Biz bütün dünyada ən yüksək təhlükəsizliyi təklif edirik. Dünyada özünün şəxsi şifrələmə sistemi olan ölkələr də var. Bu, çox mürəkkəb sistemdir. Biz məhz o şirkətlərdənik ki, ölkə hökumətləri üçün tam şifrəli cihazlar istehsal edirik.
Beləliklə, biz Azərbaycana məlumatları şifrələyərək digərlərindən məxfi saxlamaqda kömək edə bilərik. Bizim elə xüsusi alqoritmlərimiz var ki, sonradan müştəri tərəfindən dəyişdirilə bilər və nəticədə müştəri özünün şəxsi alqoritmlərinə sahib olar.
Biz Azərbaycandakı kəşf edilməmiş biznes sahələrinə maraq göstərdiyimiz üçün buradayıq. Bizim Azərbaycan ilə yaxşı əlaqəmiz də var. Bu kimi tədbirlər biznesin inkişafı baxımından çox faydalıdır. Bu hərbi sənayeyə marağı olan bütün insanları bir yerə toplayır. Bizim potensial müştərilərimiz burada nümayiş etdirdiyimiz məhsullarımızla tanış ola bilərlər və bu, gələcək biznes fəaliyyətinin başlanğıcı ola bilər.