CƏMİYYƏT
Respublika Ağsaqqallar Şurası Qobustan rayon təşkilatının hesabat yığıncağı keçirilmişdir
Qobustan, 9 fevral (AZƏRTAC). Ağsaqqallar Şurası Qobustan rayon təşkilatının son iki ildə gördüyü işlər və qaşıda duran vəzifələrə dair hesabat-seçki yığıncağı keçirilmişdir. Məruzə və çıxışlarda ağsaqqalların rayonun ictimai həyatında fəal iştirak etdiyi, cəmiyyətdə gedən proseslərdə fəal rol oynadıqları diqqətə çatdırılmışdır.
Məruzə və çıxışlarda son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Qobustanda sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan danışılmışdır.
Çıxışlarda, habelə ağsaqqallara göstərilən qayğıdan da razılıqla bəhs olunmuşdur. Təqaüdlərin vaxtında verilməsi, ehtiyacı olanların xəstəxana və sanatoriyalarda pulsuz müalicəsinin təşkili, maddi yardım göstərilməsi böyük razılıqla qeyd olunmuşdur.
Qobustan ağsaqqalları həmişə olduğu kimi Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, bütün işlərdə ona dəstək olacaqlarını, bu il keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəklərini bildirmişlər.
Yığıncaqda ağsaqqallar şurasının 11 nəfərdən ibarət yeni tərkibi, şura sədri, Respublika Ağsaqqallar Şurasının VI qurultayına nümayəndə seçilmişdir. Şıxbala Bayramov Ağsaqqallar Şurası Qobustan rayon təşkilatının yeni sədri seçilmişdir.