CƏMİYYƏT
Respublika Ağsaqqallar Şurasının Xocavənd rayon təşkilatı təsis edilmişdir
Beyləqan, 9 fevral (AZƏRTAC). Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində Respublika Ağsaqqallar Şurası Xocavənd rayon təşkilatının təsis konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, fəal ağsaqqalların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər ağsaqqalların cəmiyyətdəki rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışmış, respublikamızın hər yerində olduğu kimi, Xocavənd rayonunda da Ağsaqqallar Şurasının yerli təşkilatının təsis edilməsinin vacibliyini bildirmişlər.
Təsis konfransında Respublika Ağsaqqallar Şurası Xocavənd rayon təşkilatının 17 nəfərdən ibarət idarə heyəti, təşkilatın sədri və Respublika Ağsaqqallar Şurasının qurultayına nümayəndə seçilmişdir.