MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanası Moskvada beynəlxalq kitab sərgi-yarmarkasında ölkəmizi təmsil edib
Bakı, 6 sentyabr, AZƏRTAC
Rusiyanın paytaxtı Moskva şəhərində MDB ölkələri və Gürcüstanın Uşaq və Gənclər Kitabı Beynəlxalq Forumu çərçivəsində 36-cı Beynəlxalq Kitab Sərgi-Yarmarkası və birinci Moskva Beynəlxalq Uşaq Kitab Sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, hər iki sərgi yarmarkaları Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi, Rusiya Kitab İttifaqı və Moskva hökumətinin dəstəyi ilə keçirilib.
Forumun təşkilində əsas məqsəd uşaq ədəbiyyatı və mütaliə sahəsində mütəxəssislər arasında mədəni-humanitar əlaqələrin gücləndirilməsi, uşaq mütaliə infrastrukturunun səmərəliliyinin və inkişafının artırılması, uşaqlara xidmət göstərən kitabxanaların rolu və uşaqları mütaliəyə həvəsləndirmək məqsədilə birgə layihələrin həyata keçirilməsində təcrübə mübadiləsi aparmaqdır. Uşaq Kitab sərgisinin ilk dəfə keçirilməsi dövrün tələbatına görə nəzərdə tutulub. Belə ki, böyüməkdə olan uşaqları kitab mədəniyyəti ilə, müasir yazarlarla, klassiklərin ən yaxşı əsərləri ilə tanış etmək daha məqsədəyuğun hesab edilir.
Əvvəlcə “Kitab sənəti” XX Beynəlxalq Müsabiqəsinin nəticələrinə yekun vurulub və ikicildlik antalogiya MDB ölkələrinin bütün dillərinə tərcüməsi ilə təqdim edilib. Antalogiyaya Azərbaycan yazıçılarının da əsərləri daxil edilib. Forumda, həmçinin beynəlxalq ekspertlərin, kitabxana-informasiya sahəsində çalışanların, nəşriyyat-poliqrafiya və kitab satışı sahələrinin aparıcı mütəxəssislərinin, gənc rəssam-illüstratorların, eləcə də uşaq yazarlarının iştirakı təmin edilib.
Beynəlxalq tədbirdə iştirak edən Respublika Uşaq Kitabxanasının direktor müavini Zahira Dadaşova “Kitabxanadan gələcəyə: yeniliklər və problemlər” mövzusunda məruzə ilə çıxış edərək, F.Köçərli adına Respublika Uşaq Kitabxananın həyata keçirdiyi layihələr və beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında ətraflı məlumat verib.
Sonra gənc rəssam, Nərmin Abdullayeva çəkdiyi rəsmlər haqqında ətraflı məlumat verərək, uşaq ədəbiyyatı kitab mədəniyyətinin nadir əsərlərini yaradan görkəmli illüstratorlar sayəsində həmişə yüksək qiymətləndirildiyini vurğulayıb.