İQTİSADİYYAT
Roma şəhərində İtaliya-Azərbaycan Ticarət İnstitutunun fəaliyyətə başlamasının birinci ildönümü qeyd edilmişdir
Bakı, 13 iyul (AZƏRTAC). Roma şəhərində İtaliya-Azərbaycan Ticarət İnstitutunun fəaliyyətə başlamasının birinci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, mərasim iki ölkənin iş adamlarının birliyi funksiyasını yerinə yetirən İtaliya-Azərbaycan Ticarət İnstitutu və ölkəmizin İtaliyadakı səfirliyi tərəfindən təşkil edilmişdir.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov tədbirdə çıxış edərək son illərdə ölkəmizin iqtisadi inkişaf təmayülləri, makroiqtisadi vəziyyəti və Azərbaycan-İtaliya münasibətlərinə dair məlumat vermişdir. O, ölkələrimizin zəngin iqtisadi əməkdaşlıq potensialının mövcud olduğunu diqqətə çatdırmış, Azərbaycan hökumətinin İtaliyanın işgüzar dairələri ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirdiyini vurğulamışdır.
Sonra İtaliya-Azərbaycan Ticarət İnstitutunun prezidenti Manuela Traldi, İtaliyanın Xaricdə Fəaliyyət Göstərən Şirkətlərə Dəstək Təşkilatının (SİMEST) rəhbəri Massimo D’Ayuto, Roma Ticarət Palatasının prezidenti Cankarlo Kremonezi, “Eni” qrupuna daxil olan “Saipem” şirkətinin nümayəndəsi Fausto Andreoli təqdimatlarla çıxış etmişlər.
Çıxışlarda Azərbaycanın iqtisadi nailiyyətləri, əlverişli biznes və investisiya mühitinə malik olduğu qeyd edilmiş, ölkəmizin yüksək sürətlə dinamik inkişaf edən gənc dövlət kimi təcrübəsinin digər dövlətlər üçün nümunə olduğu vurğulanmışdır.
“Trans-Adriatik Pipeline“ (TAP) boru kəməri layihəsinin həyata keçirilməsinə dair cari ilin iyun ayında “Şahdəniz” konsorsiumunun qərarının Azərbaycan-İtaliya əməkdaşlığının inkişafında yeni perspektivlər açacağına inam ifadə olunmuşdur.
Toplantının sonunda Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlığın inkişafına xüsusi töhfə vermiş bir neçə italiyalı iş adamına fəxri mükafatlar təqdim edilmişdir.
Tədbirdə İtaliyanın dövlət qurumları və işgüzar birliklərinin yüksək vəzifəli nümayəndələri və bu ölkənin Azərbaycan ilə əməkdaşlıq
təcrübəsinə malik təqribən 50 iş adamı iştirak etmişlər.