İDMAN
Rövnəq Abdullayev: İntizam Komitəsinin mövqeyi haqlıdır
Bakı, 12 aprel (AZƏRTAC). Futbol üzrə ölkə çempionatında idman mübarizəsi get-gedə gərginləşir.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev demişdir.
Bildirmişdir ki, mövsümün sonu yaxınlaşdıqca komandalar arasında rəqabət artır. Lakin təəssüf ki, bəzən xoşagəlməz hallarla da rastlaşırıq. “Neftçi” - “Qarabağ” oyununda baş verən hadisələr futbolumuza başucalığı gətirmir. Azarkeşlərin səsləndirdiyi nalayiq ifadələr, etik normalara sığmayan hərəkətlər təəssüf doğurur.
AFFA-nın prezidenti qeyd etmişdir ki, “Neftçi” klubunun məşqçilərinin oyunun fasiləsində və qarşılaşma başa çatdıqdan sonra etdiyi hərəkətlər və səsləndirdiyi fikirlərlə də tanışam. AFFA-nın İntizam Komitəsi bununla bağlı müvafiq qaydada qərarlar qəbul etmişdir. Hesab edirəm ki, İntizam Komitəsinin mövqeyi haqlıdır. Bilirəm ki, bu qərarlarla bağlı “Neftçi” klubu Apelyasiya və Ekspert Komitəsinə şikayət etmişdir. Amma klub rəsmilərinin və məşqçilərin nədən narazı qaldıqları, sözün doğrusu, mənim üçün bir qədər anlaşılmazdır.
Rövnəq Abdullayev vurğulamışdır ki, AFFA-nın çıxardığı haqlı qərarlara etiraz etməkdənsə, “Neftçi” klubunun məsul şəxsləri öz hərəkətlərinə və açıqlamalarındakı ifadələrə daha diqqətlə yanaşsalar, ölkə çempionatının Əsasnaməsinin tələblərinə uyğun davransalar daha yaxşı olar. Əks təqdirdə, intizam qaydalarına uyğun olaraq kluba və onun rəsmilərinə qarşı daha ciddi sanksiyalar tətbiq oluna bilər.