MƏDƏNİYYƏT
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycan Rəssamlıq Akademiyası tələbələrinin tətbiqi-sənət əsərlərindən ibarət sərgi açılmışdır
Bakı, 7 may (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Azərbaycanın gənc rəssamları” təsviri incəsənət festivalı çərçivəsində tətbiqi-sənət əsərlərindən ibarət sərginin açılışı olmuşdur.
RİMM-in mətbuat xidmətindən bildirmişlər ki, Rusiya tarixinə ilinə, habelə Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 20 illiyinə həsr olunmuş festival Rossotrudniçestvonun Bakı nümayəndəliyinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Gənclər Art-klubu”nun birgə layihəsi çərçivəsində keçirilir. Layihəyə RİMM-də sərgilərin, tanınmış Azərbaycan rəssamlarının ustad dərslərinin, sənətşünasların RİMM-nin İnformasiya və Təhsil Mərkəzinin “Rus muzeyi: virtual filial”ının köməyi ilə “İncəsənət haqqında söhbətlər” silsiləsindən mühazirələri daxildir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Azərbaycanın Xalq Rəssamı Ömər Eldarov, sənətşünaslıq doktoru Sevil Sadıqova, sənətşünaslıq namizədi Ziyadxan Əliyev gənc istedadların yaradıcılığını geniş auditoriyaya tanıdan bu tədbirin böyük əhəmiyyətini vurğulamışlar.
Sərgiyə gələnlər xalçaçılıq, qobelen, batik, maket dizaynı, keramika və s. nümunələrindən ibarət nadir dekorativ-tətbiqi sənət əsərləri sərgisinə tamaşa etmişlər.