MƏDƏNİYYƏT
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “İfadəli oxu vərdişlərinin formalaşması və təkmilləşdirilməsi yolları” mövzusunda seminar keçirilmişdir
Bakı, 3 dekabr (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) qurumun Rus Dili Tədris-Metodik Mərkəzinin iş planına uyğun olaraq paytaxt məktəblərinin rus dili və ədəbiyyatı müəllimləri üçün “İfadəli oxu vərdişlərinin formalaşması və təkmilləşdirilməsi yolları” mövzusunda seminar keçirilmişdir.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 160 nömrəli Klassik gimnaziyanın ibtidai sinif müəllimi Səbinə Məmmədovanın, 43 nömrəli “Uşaq bağçası-məktəb-lisey” Kompleksinin müəllimi Tahirə Qazıyeva və 95 nömrəli məktəbin müəllimi Sona Abbasovanın çıxışlarında məktəblilərdə savadlı oxu vərdişlərinin rus klassiklərinin əsərləri əsasında teatr tamaşalarında iştiraka cəlb olunması yolu ilə formalaşdırılması və möhkəmləndirilməsi üçün təhsil prosesində tətbiq edilən metodik məsələlərə toxunulmuşdur.
Dərslərin canlı, emosional və maraqlı şəkildə aparılması şagirdlərin diqqətini cəlb edir, onlarda oxumağa maraq oyadır. Məruzəçilər RİMM-in teatr sənəti studiyasında məşğələlərin səmərəli olduğunu xüsusi vurğulamışlar.
Seminar başa çatandan sonra müəllimlərə məktəblilərdə oxu vərdişlərinin formalaşdırılmasına dair RİMM mütəxəssislərinin hazırladıqları metodiki tövsiyələr paylanmışdır.