SİYASƏT
Rusiya mediası Prezident İlham Əliyevin Fransanın Cənubi Qafqazdakı siyasəti ilə bağlı tənqidi fikirlərini geniş işıqlandırıb









Moskva, 21 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə Bakıda keçirilən danışıqların yekununa dair mətbuat konfransında çıxışı Rusiya mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın “TASS”, “Ria Novosti”, “İnterfaks” informasiya agentlikləri, “Komsomolskaya pravda”, “RBK”, “Arqumentı nedeli”, “News.ru”, “Lenta.ru”, “Pravda.ru”, “Vzqlyad.ru”, “Veçernaya Moskva” və bir çox digər nəşrləri Azərbaycan liderinin Ermənistanın Fransanın məsləhəti ilə sülh müqaviləsinin imzalanmasını yubatması barədə fikirlərini önə çıxarıblar. Rusiya KİV-ləri Prezident İlham Əliyevin Fransanın Cənubi Qafqazda destruktiv rol oynaması, Ermənistanın Fransa hökumətinin marionetinə çevrilməsi barədə dediklərinə diqqət çəkiblər.
Rusiya mətbuatı yazır ki, Azərbaycan Prezidenti Fransanın Ermənistanı silahlandırmaqla onu revanşizmə və separatçılığa sürükləməsini sərt şəkildə pisləyib. Materiallarda vurğulanır ki, Prezident İlham Əliyev Ermənistanı öz gələcəyini qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmağa çağırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva