ELM VƏ TƏHSİL
Rusiyalı alim Azərbaycanın Neolit dövrü keramikasını tədqiq edir
Bakı, 20 iyun, AZƏRTAC
Rusiya Dövlət Tarix Muzeyinin arxeoloji abidələr şöbəsinin əməkdaşı Natalya Petrova Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji fondunda saxlanılan Neolit (eramızdan əvvəl VI - V minillik) dövrünə aid keramika məmulatlarını tədqiq etmək üçün ölkəmizdə elmi ezamiyyətdədir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, rusiyalı alimin apardığı tədqiqatın əsas məqsədi Yaxın Şərqin və Qafqazın Neolit dövrü keramikasının hazırlanma texnologiyasının araşdırılması və Yaxın Şərq, Cənubi və Şimali Qafqazın Neolit məskənlərindən aşkar edilən keramika məmulatlarının hazırlanma texnologiyaları arasında oxşar və fərqli cəhətlərin təyinidir. Rusiyalı mütəxəssis əsasən Azərbaycanın Göytəpə və Menteştəpə Neolit dövrü məskənlərindən tapılan keramika nümunələrini tədqiqata cəlb edib.
Qeyd edək ki, N.Petrova ezamiyyət zamanı Tovuz rayonundakı Göytəpə Neolit dövrü məskənində olub. Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiya üzvləri rusiyalı tədqiqatçını əldə etdikləri elmi nəticələrlə tanış ediblər.