CƏMİYYƏT
Rusiyalı nazir ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 28 noyabr, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 28-də Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.