MƏDƏNİYYƏT
Rusiyanın Pyotr Çaykovski adına Böyük Simfonik Orkestri ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan proqramla çıxış edəcəkdir
Bakı, 29 noyabr (AZƏRTAC). Rusiyanın Pyotr Çaykovski adına Böyük Simfonik Orkestri dekabrın 11-də SSRİ Xalq Artisti Vladimir Fedoseyevin dirijorluğu ilə Heydər Əliyev Mərkəzində çıxış edəcəkdir.
Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan klassik musiqi gecəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, Qara Qarayevin “Yeddi gözəl” baletindən süita, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Arzu” romansı, “Küçələrə su səpmişəm” xalq mahnısı səsləndiriləcəkdir. Tamaşaçılara, həmçinin dünya klassikası – İohann Bramsın, Frans Vaksmanın, Vinçenso Bellininin, Cakomo Puççininin, Pyotr Çaykovskinin, Sergey Raxmaninovun və Georgi Sviridovun ölməz əsərləri təqdim olunacaqdır.
Pyotr Çaykovski adına Böyük Simfonik Orkestri 1930-cu ildə radioda klassik musiqi translyasiyası məqsədi ilə yaradılmışdır. SSRİ Xalq Artisti Vladimir Fedoseyev 1974-cü ildə orkestrə bədii rəhbər və baş dirijor təyin olunmuşdur. Artıq 40 ilə yaxındır ki, Vladimir Fedoseyevin rəhbərliyi altında çalışan orkestr dünyanın müxtəlif ölkələrində qastrollarda olmuş, beynəlxalq festivallarda çıxış etmişdir.