ELM VƏ TƏHSİL
“SABAH” qruplarına qəbul imtahanı keçirilmişdir
Bakı, 6 iyul (AZƏRTAC). İyulun 6-da “SABAH” qruplarına qəbul imtahanı keçirilmişdir.
İmtahan Bakıda - Azərbaycan Dövlət İqtisad Universitetinin 1- ci tədris binasında və Naxçıvanda - Naxçıvan Dövlət Universitetinin binasında təşkil olunmuşdur.
İmtahanda ölkənin 34 ali təhsil müəssisəsindən seçilmiş 1-ci kurs tələbələri iştirak etmişlər. Ümumilikdə, 53 ixtisası əhatə edən tələbələrə imtahanda ingilis dili və məntiqdən hər biri 25 sual olmaqla ümumi 50 sual təqdim olunmuşdur.
“SABAH” qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 12-dən iyunun 15-dək aparılmışdır.
İmtahan saat 10.00-da başlamış və 11.30-da başa çatmışdır.
Hər bir test sualı 1 balla qiymətləndirilir. Səhv cavablar düz cavabları ixtisar etmir.
İmtahanın nəticələri emal olunduqdan sonra Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və “sabah.edu.az” saytında yerləşdiriləcəkdir.
Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlov AZƏRTAC-a bildirmişdir ki, tələbələr “SABAH” qruplarına keçirilən imtahanda iştirak etməyə böyük maraq göstərirlər. İmtahanın keçirilməsi üçün bütün lazımi şərait yaradılmışdır. İmtahanın nəticələri məlum olduqdan sonra yekun mərhələ-müsahibə keçiriləcəkdir. Uğur qazanan tələbələr 8 baza ali təhsil müəssisəsində-Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetində “SABAH” qruplarında təhsil alacaqlar.