REGİONLAR
Şabranda taxıl biçini iyunun sonunadək başa çatacaq
Şabran, 23 iyun, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunda taxıl biçininin iyunun sonunadək yekunlaşdırılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, biçin, ilk növbədə, rayonun düzən və dağətəyi ərazilərindəki sahələrdə aparılıb. İndiyədək 3 min 600 hektardan artıq sahənin taxılı biçilib.
Məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə yeni kombaynlar cəlb olunub. Ümumilikdə, rayon üzrə biçin kampaniyası 30-dan çox taxılbiçən kombaynın qüvvəsi ilə aparılır.
Biçilən sahələrdə arpanın məhsuldarlığı hər hektara görə 20-25, buğdada isə 25-28 sentner təşkil edir.
Fermerlər bu il məhsuldarlığın yüksək olduğunu bildirsələr də, iyun ayının ilk ongünlüyündəki qeyri-sabit hava şəraitinin zəmilərə ziyan vurduğunu qeyd edirlər. Həmin dövrdə yağan intensiv yağış zəmilərin yerə yatmasına səbəb olub.
Cari mövsümdə Şabran rayonunun taxılçılıq təsərrüfatlarında 13 min 36 hektar sahənin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 7 min 235 hektarını buğda, 5 min 801 hektarını isə arpa sahələri təşkil edir.