CƏMİYYƏT
Sağlam ailə-sağlam gələcəyin təminatıdır
![Sağlam ailə-sağlam gələcəyin təminatıdır](/files/2014/2/1200x630/1408712551277496899_1200x630.jpg)
Lənkəran, 8 avqust (AZƏRTAC, Bağır Əliyev). Avqustun 8-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında “Sağlam ailə-sağlam gələcəyin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova tədbirin əhəmiyyətindən söz açaraq bildirib ki, bu gün ölkəmizdə yeni qurulan ailələrin uzunömürlü olması, yarana biləcək ailədaxili problemlərin vaxtında və doğru həll edilməsi, boşanmaların qarşısının alınması məqsədilə komitə tərəfindən mütəmadi olaraq cəmiyyətin müxtəlif təbəqələri arasında ayrı-ayrı sahələr üzrə ekspertlərin iştirakı ilə maarifləndirici tədbirlər təşkil edilir. Bu tədbirlər zamanı bir sıra aktual mövzular ətrafında müzakirələr aparılır, komitə tərəfindən nəşr edilmiş maarifləndirmə vəsaitləri iştirakçılara paylanılır.
S.Qəhrəmanova çıxışı zamanı, həmçinin, ailə institutunun möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin rolu, nəsillərarası münasibətlərin qorunması və ötürülməsi, reproduktiv sağlamlıq, ailə ekologiyası, nikaha daxil olan şəxslərin tibbi müayinəsinin əhəmiyyəti, hüquqi maarifləndirmə, nikah müqaviləsinin zəruriliyi məsələlərindən və gənclərin psixoloji durumuna təsir edən amillər, onların aradan qaldırılması mexanizmlərindən ətraflı bəhs edib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.