İQTİSADİYYAT
Şahin Bağırov: Gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində xüsusi Fəaliyyət Proqramı hazırlanıb
![](/files/galleryphoto/2022/3/1200x630/16621188965421939443_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16621188966209542968_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16621188962289764828_1200x630.jpg)
Bakı, 2 sentyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun iştirakı ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində görüş keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ÜGT-nin Regional Ofisi tərəfindən son illərdə aparılan işlər, həyata keçirilən layihələr, eləcə də üzv dövlətlərin gömrük xidmətləri üçün təşkil edilən təlimlər barədə məlumat verilib.
Şahin Bağırov ölkəmizdə gömrük işinin səmərəliliyinin, prosedurların rasionallığının təmin olunması, şəffaflığın artırılması, gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində xüsusi Fəaliyyət Proqramının hazırlandığını vurğulayıb və ÜGT-nin alətlərindən, tövsiyələrindən davamlı istifadə olunmaqla gömrük xidmətinin fəaliyyətinin müasir çağırışlara uyğun şəkildə qurulması sahəsində yeni addımlar barədə məlumatları diqqətə çatdırıb.
Sədrin birinci müavini gömrük işində beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını, region ölkələri ilə ofis arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Həmçinin Regional Ofisin rəhbəri, Türkiyə gömrük xidmətinin nümayəndəsi Əsər Çəngələ fəaliyyət müddəti ərzində gördüyü işlərə görə Dövlət Gömrük Komitəsi adından minnətdarlığını bildirib.