Şair yeni kitabını abşeronlulara təqdim edib
Xırdalan, 17 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı regional bölməsinin sədri, şair Namiq Mənanın “Sən gedəndən” adlı kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Mərasimdə Əməkdar müəllim Ofeliya Babayeva Namiq Mənanın yaradıcılığı haqqında geniş məlumat verib. Daha sonra şairin həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub.
Tədbirdə çıxış edən folklorşünas Qalib Sayılov, Xalq artisti Şeyx Əbdül Mahmudov, şair Vüqar Əhməd, Əli Kərim adına Sumqayıt poeziya evinin direktoru İbrahim İlyaslı, kitabın redaktoru Solmaz Cahangirova və başqaları təqdimatı keçirilən nəşr və müəllifin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Aşıq Zülfiyyənin, Əməkdar artist Ələkbər Əliyevin, Xasay Cahangirov adına bədii qiraət dərnəyinin üzvlərinin çıxışları tədbirə xüsusi rəng qatıb.
Sonda Namiq Məna Azərbaycan mədəniyyətinin sürətlə inkişaf etdiyini, regionlarda yeni mədəniyyət ocaqları inşa olunduğunu, mədəniyyətimizin Avropa və dünyaya inteqrasiyası istiqamətində irihəcmli layihələrin uğurla həyata keçirildiyini vurğulayıb. O, kitabın yaranması ilə bağlı təəssüratlarını bölüşüb, oxuculara kitablarını bağışlayıb.