REGİONLAR
Salyanlı taxılçılar bu il 65 min ton taxıl istehsal etməyi qarşıya məqsəd qoyublar
Bakı, 7 iyun, AZƏRTAC
Salyan rayonunda taxıl biçininin mütəşəkkil başa çatdırılmasını təmin etmək, habelə fermərlərə dəstək məqsədilə hazırlıq işləri başa çatdırılıb. Bu məqsədlə rayon icra hakimiyyətində operativ qərargah yaradılıb, konkret vəzifələr müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən salyanlı taxılçılar bu il sahələrdə bol məhsul yetişdiriblər. Yetişmiş məhsulu qısa müddətdə toplamaq üçün artıq Salyanda biçin kampaniyasına hazırlıq işləri başa çatdırılıb. Biçinə çıxarılacaq 40-dan çox kombayn texniki baxışdan keçirilib, aşkar olunan nasazlıqlar aradan qaldırılıb. Həmçinin məhsul yığımı üçün lazım olan digər maşın-mexanizmlər də hazır vəziyyətə gətirilib.
Ötən ilin payızında rayonda bu ilin məhsulu üçün 21 min 74 hektar taxıl əkilib ki, bunun da 6 min 396 hektarını buğda, 14 min 679 hektarını isə arpa sahələri təşkil edir. Keçən il eyni zamanda, rayonda 63 min 693 ton taxıl istehsal olunmaqla, hər hektardan 32,3 sentner məhsul götürülüb. Mütəxəssislərin sözlərinə görə, bu il havaların yağışlı keçməsi salyanlı fermerlərin işinə müsbət təsir göstərib. Belə ki, yağış yağdığından taxıl sahələrinin suvarılmasına bir o qədər də ehtiyac qalmayıb. Digər tərəfdən də taxıl sahələrinə vaxtında mineral və üzvi gübrələr verilib. Ümumilikdə məhsuldarlığın orta səviyyəsinin 30-35 sentner olacağı gözlənilir.
Rayon taxılçıları bu il 65 min ton taxıl istehsal etməyi qarşılarına məqsəd qoyublar. Məhsuldarlıq yüksək olduğundan qısa müddətdə sahələrdən 14 min 527 tona yaxın arpa yığılıb. Arpa biçini başa çatan kimi buğda yığımına başlanılacaq. Salyanlı fermerlər dövlət dəstəyindən yararlanaraq taxıl biçinindən sonra sahələrdə ikinci dəfə əkin aparmağı planlaşdırırlar.