CƏMİYYƏT
Şamaxıda gedən böyük tikinti-quruculuq işləri rayonun ağsaqqallarını da ürəkdən sevindirir
Şamaxı, 8 fevral (AZƏRTAC). Respublika Ağsaqqallar Şurası Şamaxı rayon təşkilatının konfransı keçirilmişdir.
Yığıncaqda rayon təşkilatının sədri Aydın Alcanovun hesabat məruzəsi dinlənilmiş, çıxışlar olmuşdur.
Bildirilmişdir ki, bu gün respublikamızda, o cümlədən Şamaxıda gedən böyük tikinti-quruculuq işləri, sosial problemlərin uğurlu həlli rayonun bütün sakinləri kimi, ağsaqqalları da ürəkdən sevindirir. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.
Çıxış edənlər rayon ağsaqqallarının dövlətimizin başçısının yeritdiyi siyasəti bəyəndiklərini və ürəkdən müdafiə ediklərini vurğulamışlar.
Tədbir iştirakçıları Respublika Ağsaqqallar Şurası rayon təşkilatının fəaliyyətini geniş müzakirə etmiş, əhalinin bu təbəqəsinə diqqət və qayğı, onları narahat edən məsələlər barədə ətraflı danışmışlar.
Konfransda Şamaxı rayon təşkilatının yeni tərkibi, təşkilatın sədri və Respublika Ağsaqqallar Şurasının VI qurultayına nümayəndə seçilmişdir.
Aydın Alcanov yenidən rayon ağsaqqallar şurasının sədri seçilmişdir.