MƏDƏNİYYƏT
Şamaxıda M.Ə.Sabirin 150 illik yubileyinə həsr edilmiş bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur
Bakı, 21 may (AZƏRTAC). Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü ilə Şamaxı şəhərində “Sabir günləri” çərçivəsində M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulmuş və yeni kitabların təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Milli Məclisin deputatları, tanınmış şair və yazıçılar, elm adamları dahi Azərbaycan şairi M.Ə.Sabirin Şamaxı şəhərindəki ev-muzeyini ziyarət etmiş, abidəsi önünə gül dəstələri qoymuşlar. Daha sonra isə Seyid Əzim Şirvaninin məzarı ziyarət olunmuşdur.
Şamaxı şəhərindəki mədəniyyət evində Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə hazırlanmış, mərhum akademik Bəkir Nəbiyevin “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri”, professor Alxan Bayramoğlunun tərtibçiliyi ilə nəşr olunan “Sabir haqqında tədqiqlər”, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyevin “Sabirin həyatı və sənəti” kitablarının təqdimatı olmuşdur.
Tədbirdə Milli Məclisin deputatları Elxan Süleymanov, Sabir Rüstəmxanlı, kitabın müəllifləri çıxış etmişlər.
Daha sonra Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) birgə təşkil etdikləri M.Ə.Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur.
Tədbirdə SAMF-ın sədri, şair Musa Yaqub bildirmişdir ki, Milli Məclisin deputatı, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə ikinci ildir keçirilən bu müsabiqə M.Ə.Sabir yaradıcılığının təbliği, onun əsərlərinin tədris prosesində tətbiqinə metodiki dəstək vermək, fəal şagirdləri üzə çıxarmaqla həvəsləndirmək məqsədi daşıyır.
Bildirilmişdir ki, müsabiqədə Şamaxı rayonunda təhsil alan tələbə və şagirdlər iştirak etmişlər. Müsabiqənin 138 iştirakçısı arasından 8 bədii qiraətçi professor Tofiq İsmayılovun rəhbərlik etdiyi münsiflər heyətinin qərarı ilə mükafatlara layiq görülmüşdür.
Şamaxı şəhərindəki 5 nömrəli məktəbin 5-ci sinif şagirdi Sevinc Eyvazova, 2 nömrəli məktəbin 6-cı sinif şagirdi Ələkbər Ələkbərov, Şirvan kənd məktəbinin 1-ci sinif şagirdi Nərmin Molxarova müsabiqənin qalibləri adına layiq görülmüşlər. 2 nömrəli məktəbin 11-ci sinif şagirdi Fuad Əzməmmədov və Nağaraxana kənd məktəbinin 5-ci sinif şagirdi İntizam Məmmədov 2-ci yerə, Böyük Xınıslı kənd məktəbinin 5-ci sinif şagirdi Aydan Dadaşova, 5 nömrəli məktəbin 5-ci sinif şagirdi Fatimə Axundova və 9 nömrəli məktəbin 4-cü sinif şagirdi İrşad İbrahimli 3-cü yerə sahib olmuşlar.
Mərasimdə bədii qiraətçilər yenidən səhnəyə çıxaraq 500-dən artıq tamaşaçının qarşısında Sabirin şeirlərini səsləndirmişlər.
Birinci yeri tutanların hər birinə 150 manat, ikinci nəticə göstərənlərə 100 manat, üçüncü yerin sahiblərinə isə 50 manat pul mükafatı təqdim edilmişdir. Bundan əlavə, ilk 30 yeri tutan iştirakçılara həvəsləndirici diplomlar verilmişdir.
Tədbirdə Milli Məclisin deputatı E.Süleymanov ötənilki müsabiqənin 10 nəfər qalibinə və builki 8 mükafatçının hər birinə bir il ərzində hər ay 50 manat “Sabir təqaüdü” veriləcəyini bildirmişdir.
Tədbir deputatın təşəbbüsü ilə yaradılan “Pirqulu” instrumental ansamblının Sabirin şeirləri əsasında hazırladığı kompozisiya ilə başa çatmışdır.