İQTİSADİYYAT
SAP UOM həllinin tətbiqi layihəsi start götürür
Bakı, 28 yanvar, AZƏRTAC
SAP şirkəti və SOCAR SAP UOM (Upstream Operations Management — neft hasilatı istehsalatının idarə olunması) həllinin bazasında hasilatın idarə olunması üçün SAP Service and Support mütəxəssisləri tərəfindən kompleks SAP həllinin tətbiqi layihəsinin start götürdüyünü elan ediblər.
SAP şirkətindən AZƏRTAC-a bildiriblər ki, SAP həlli istehsal və hasilat proseslərində itkiləri, habelə əldə olunan informasiyanın şəffaflığının və operativliyinin artırılması hesabına belə itkilər riskini 80 faiz azaltmağa, vahid hesabat və analitika məkanı formalaşdırmağa tuşlanıb.
SAP UOM həlli SAP Service and Support mütəxəssislərinin qlobal təcrübəsindən və ekspertizasından faydalanmaqla, SOCAR-ın mərkəzi aparatında, həmçinin Azərbaycanda və onun hüdudlarından kənarda 9 neft-qaz hasilatı idarəsində tətbiq ediləcək.
İlkin hesablamalara görə, SAP UOM-un tətbiqi sayəsində neft və qaz hasilatı daha proqnozlaşdırılan olacaq, hasilat və istehsalat prosesində itkilər, habelə belə itki riskləri 80 faiz azalacaq. Hasilatın idarə olunmasına dair həllin tətbiqinə qədər informasiyanın 50 faizindən çoxu telefonla ötürülür, ölçmələr və faktiki hasilat həcmləri haqqında məlumat yalnız kağız sənədlərdə qeyd edilirdi. Hesabatların hazırlanmasına 10-30 gün tələb olunurdu. Hasilat proseslərinin və təmir cədvəllərinin vahid mənzərəsini yaratmaq, hər bir quyu üzrə fəaliyyət tarixini izləmək imkanı yox idi.
Ən yaxşı sahə təcrübələri nəzərə alınmaqla yaradılan güclü SAP UOM texnoloji platformasına keçid əməkdaşların quyuların parametr ölçülərini, sayğac və ölçmə qovşaqlarından məlumatları bir neçə üsulla, o cümlədən mobil qurğuların köməyi ilə, informasiya sistemlərindən məlumatlar əsasında avtomatik rejimdə və məlumatın əllə daxil edilməsi rejimində qeyd etmələrinə imkan verəcək.
Quyu fondunun operativ idarə olunması, materiallara tələbatın, istehsala nəzarətin formalaşdırılması imkanı yaranacaq. Şirkətin rəhbərliyi istədiyi vaxt hasilat üzrə hesabatlarla mobil qurğularda tanış ola bilər. Bunun hesabına operativlik və qəbul edilən qərarların dəqiqliyi artacaq.
SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib: “Azərbaycanın iqtisadi potensialının inkişafını stimullaşdıran dövlət mühüm sahələrin səmərəliliyinin artırılmasına və dünya təcrübəsində sınanılmış müasir informasiya texnologiyaları həllərinin fəal istifadə olunmasına getdikcə daha çox diqqət yetirir. Artıq SAP platformasında biznes-proseslərin yaradılması sahəsində uğurlu təcrübəsi olan SOCAR hazırda istehsalat göstəricilərinin inkişafına və dünya bazarlarına fəal inteqrasiyaya istiqamət götürüb. SAP Service and Support mütəxəssisləri tərəfindən SAP həllinin tətbiqinə dair yeni layihə səmərəli, təhlükəsiz və gəlirli hasilat prosesinin təşkili üçün ən yaxşı təcrübələrin tətbiqinə kömək edəcək”.