İDMAN
Saşa Stamenkoviç: “Partizan” mənim üçün adi rəqibdir
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq Bakının “Neftçi” komandasının qapıçısı Saşa Stamenkoviç deyib.
Qolkiper bildirib ki, rəqib komandanın futbolçuları çox texnikalıdır və işlərini yaxşı bilirlər. Buna görə də biz oyuna çox yaxşı hazırlaşmışıq. Səfərdə uduzmağımıza baxmayaraq, məncə, 2:3 çox normal hesabdır. Biz cavab oyununda azarkeşlərin köməyi ilə qələbə qazana bilərik. “Partizan” mənim üçün adi rəqibdir. İki il öncə Serbiyada məni yaxşı qarşılamamışdılar. Amma bir həftə öncə keçirilən oyunda hər hansı bir etiraz pankartının şahidi olmadım. Çünki mənim bütün diqqətim oyunda idi. Məni serbiyalı azarkeşlər yox, “Neftçi”nin fanatları maraqlandırır. Onlar bizə yardım edəcəklər.
Qeyd edək ki, “Neftçi” - “Partizan” oyunu bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəkdir. Komandalar arasında Belqradda keçirilmiş ilk oyunda “Partizan” komandası 3:2 hesabı ilə qalib gəlmişdi.