REGİONLAR
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər
Cəlilabad, 29 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Göytəpə şəhərində Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin və şəhid Vüqar İbadovun ailə üzvləri ilə görüşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş iştirakçıları əvvəlcə Göytəpə şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Şəhid ailələrinin problemləri, onların üzləşdikləri çətinliklərlə maraqlanan rayonun rəhbər işçiləri Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanmasından, Zəfərlə sona çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından danışıblar.
Görüşdə şəhid ailələrinin üzvləri arzu və təkliflərini bildirməklə yanaşı, onlara daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Rəşad Abdullayevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları, şəhid Vüqar İbadov isə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Rayonun rəhbər işçiləri Göytəpə şəhərində, həmçinin Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mürsəlov Vüqar Mirəzbər oğlunun büstünü də ziyarət ediblər. Vüqar Mürsəlov 1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin tərkibində Füzuli, Ağdam, Laçın, Şuşa, Goranboy və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Cəsur döyüşçü 1992-ci ildə Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Göytəpə şəhərində təhsil aldığı məktəb Vüqar Mürsəlovun adını daşıyır, şəhərin mərkəzində onun büstü ucaldılıb. Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində onun adına küçələr var.