CƏMİYYƏT
Şəhidin atası digər iki oğulu ilə birgə döyüşə getməyə hazırdır
Ağdam, 8 avqust (AZƏRTAC, Məhərrəm Əlioğlu). Ermənistan ordusunun bölmələri hər gün atəşkəsi pozur, mövqelərimizi atəşə tuturlar. Lakin bu bizi qorxutmur. Hərbiçilərimiz və əsgərlərimiz onların layiqli cavabını verirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin təşkilatçılığı ilə cəbhə bölgəsinə getmiş bir qrup QHT və KİV nümayəndələri ilə cəbhənin Ağdam rayonu istiqamətindəki “N” saylı hərbi hissədə keçirilən görüşdə Azərbaycan Ordusunun zabiti deyib.
Zabitimiz bildirib ki, düşmən mövqelərimizi əsasən gecə saatlarında atəşə tutur. Ermənilərin bütün hücum və təxribatlarının qarşısı alınır. Onlar çoxlu itkilər versə də, bunu gizlədirlər. Ümumiyyətlə son günlər erməni hərbçilərinin və əsgərlərinin təşviş içində olduğu müşahidə edilir. Ön xətdəki postlarımızda növbə çəkən əsgərlərimiz, çavuşlarımız, gizirlərimiz və zabitlərimiz düşməndən qətiyyən çəkinmirlər.
Qeyd edək ki, QHT və media təmsilçiləri Ermənistan diversiya qrupunun həmləsini dəf edərkən qəhrəmancasına həlak olmuş müddətli həqiqi hərbi xidmət qulluqçusu, əsgər Qaryağdı Əhmədovun yas mərasimində iştirak ediblər. Mərasimdə çıxış edənlər, eləcə də şəhidin dostları Qaryağdı Əhmədovun qəhrəmanlığından, onunla bağlı xatirələrindən danışıblar.
Şəhidin atası Eldar Əhmədov onların ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirərək deyib ki, digər iki oğulu ilə birgə torpaqlarımızın düşməndən azad edilməsi uğurunda döyüşə getməyə hər an hazırdır.
QHT və KİV təmsilçiləri Sarıcallı hərbi hospitalında da olublar.