REGİONLAR
Şəki Dövlət Yol Polisi Bölməsi maarifləndirmə tədbirlərini davam etdirir
Şəki, 20 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, həmçinin yol hərəkəti qaydalarına düzgün əməl etmələri məqsədilə rayonun təhsil müəssisələrində “Yol hərəkəti təhlükəsizliyində piyadaların rolu” mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti tədbir Şəki Dövlət Regional Kollecində reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq təşkil edilən tədbirdə Şəki Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, bölmənin təbliğat-təşviqat işləri üzrə inspektoru, polis baş leytenantı Tural Niftaliyev keçən il və cari ilin ötən dövründə ölkə ərazisində piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri barədə məlumat verib. Bildirilib ki, Şəki rayonu ərazisində yeniyetmə və gənclərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər daha da gücləndirilib və görülən işlər müsbət nəticə verib. Belə ki, cari ildə bölmənin xidmət göstərdiyi ərazidə piyadaların yol hərəkəti qaydalarını pozması səbəbindən heç bir yol-nəqliyyat hadisəsi baş verməyib.
Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz rayonları üzrə qazısı Hacı Kamran Məmmədovun da iştirak etdiyi tədbirdə, həmçinin “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur” və “Erkən nikah və onun fəsadları” mövzularında müzakirələr də aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda kollecin direktoru Sərdar Şərifov çıxış edərək, yeniyetmə və gənclərin maarifləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.