CƏMİYYƏT
Şəki regional miqrasiya idarəsinin təşkilatçılığı ilə Zaqatalada tələbələrlə görüş keçirilib
Bakı, 4 mart, AZƏRTAC
Şəki regional miqrasiya idarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümünə həsr olunmuş “15 il sizinlə” adlı tədbir keçirilib.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qurumun fəaliyyət istiqamətləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ölkəmizdə yaradılmış şərait, tətbiq olunan yeniliklər, elektron və onlayn xidmətlər, gənclərlə iş prinsipi və regionlarda miqrasiya idarələrinin rolu barədə məlumat verilib. Həmçinin olduğu yer üzrə qeydiyyat, müvəqqəti olma, müvəqqəti və daimi yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, vətəndaşlığa qəbul, bərpa və vətəndaşlığa xitam verilməsi ilə bağlı prosedur qaydaları izah olunub.
Görüşün sonunda iştirakçıların rəy və təklifləri dinlənilib, suallar cavablandırılıb.