İQTİSADİYYAT
Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair treninq keçirilib
Bakı, 3 mart, Elvira Məmmədova, AZƏRTAC
Martın 3-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair treninq keçirilib.
AZƏRTAC xəbər verir ki, “Korporativ idarəetməyə giriş. Korporativ idarəetmə anlayışı” mövzusunda təşkil olunan tədbirdə müvafiq dövlət qurumlarının və 30-a yaxın sənaye müəssisəsinin nümayəndəsi iştirak edib.
İqtisadiyyat nazirinin müavinin Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət, yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə danışıb. Bildirilib ki, şirkətlərdə qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiqi onların rəqabət qabiliyyətinin yüksəldilməsində, investorlar üçün cəlbediciliyin artırılmasında və səmərəli fəaliyyətinin təşkilində əhəmiyyətli rol oynayır.
İqtisadiyyat Nazirliyi tərəfindən korporativ idarəetmə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verən nazir müavini korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı nazirlik tərəfindən 8 mövzu üzrə treninqlərin keçiriləcəyini qeyd edib.
Sonra İqtisadiyyat Nazirliyinin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə korporativ idarəetmənin əhəmiyyəti, eləcə də korporativ idarəetmənin müəssisələrdə tətbiqi, etibarlı hesabatlılıq sisteminin formalaşdırılmasında rolu barədə məlumat verib.