İQTİSADİYYAT
Səngəçal-Qaradağ mənzilində 5,5 kilometr yolun təmiri davam etdirilir
Bakı, 13 dekabr (AZƏRTAC). “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 14-dək növbəti yol qoyuluşu həyata keçiriləcək və Səngəçal-Qaradağ mənzilində 5,5 kilometr yol əsaslı təmir olunacaqdır.
Proqram çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmışdır.
Bu günədək yolun 50 faizi, yəni 158,5 kilometr yol əsaslı təmir olunmuşdur. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.