DÜNYA
Serverlər bazarında artım gözlənilir
Bakı, 20 dekabr (AZƏRTAC). Dünya iqtisadiyyatında müşahidə olunan zəiflik və qiymətlərin düşməsi serverlər bazarına da təsirsiz ötüşməmiş, son iki ildə onların satış həcmi azalmışdır. “IC Insights” şirkətinin analitikləri bildirmişlər ki, 2014-cü ildən başlayaraq bu bazarda bərpa müşahidə olunacaqdır. Cari illə müqayisədə server avadanlığının satışından əldə olunan gəlir təxminən 3 faiz artaraq, 54,6 milyarda çatacaqdır.
Növbəti iki ildə isə daha çox irəliləyiş gözlənilir - satışlar 56,7 və ya 58,7 milyard dollara qədər arta bilər. Sonra yenidən iqtisadi geriləmə ilə əlaqədar olaraq, göstəricilər 57,5 milyarda kimi enəcəkdir. Bütövlükdə 2012-ci ildən 2017-ci ilə qədər olan dövrdə server (CAGR) satışının orta illik artım sürəti 1,5 faiz təşkil edəcəkdir.
Server sistemlərinin təchizatına gəlincə, bu il onun həcmi ötən illə müqayisədə 8,7 milyon ədəddən 9 milyona, 2014-cü ildə isə 9,8 milyona çatacaqdır. Tədqiqatda göstərilən qrafikə əsasən, daha üç il sonra bu göstəricinin 11,8 milyon olacağı gözlənilir.