CƏMİYYƏT
Silahlı Qüvvələr Günü münasibətilə Tovuzda “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmişdir
Tovuz, 25 iyun (AZƏRTAC). 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları “N” saylı hərbi hissənin əsgərləri ilə görüşmüşlər.
AZƏRTAC xəbər verir ki, görüş iştirakçıları əsgərlər və zabitlər qarşısında çıxış edərək tədbirin əsas məqsədinin bayram ərəfəsində əsgərlərə xoş ovqat bəxş etmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdir.
Hərbi hissənin rəhbərliyi bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu və Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Hərbi xidmətdə fərqlənən əsgər və zabitlər rayon icra hakimiyyətinin qiymətli hədiyyələri və fəxri fərmanları ilə təltif olunmuşlar.
Sonra qonaqlara hərbi hissədə yaradılmış şərait və silah-sursatla bağlı məlumat verilmişdir.
Rayon incəsənət ustalarının hazırladığı konsert proqramı tədbir iştirakçıları və əsgərlərə xoş ovqat bəxş etmişdir.