DÜNYA
Siqaret aludəçilərinə yerkökü kömək edə bilər
Bakı, 3 dekabr (AZƏRTAC). Siqaret çəkənlər çoxlu yerkökü yeməlidirlər. Yerkökünün hətta ən qatı siqaret çəkənlərin ağciyərinin fəaliyyətini yaxşılaşdırdığını aydınlaşdıran britaniyalı alimlər belə qənaətə gəlmişlər.
Alimlərin tədqiqatları nikotin asılılığında yerkökünün böyük faydasını birmənalı şəkildə sübut edir. Uşaqlıqdan tanıdığımız bu tərəvəz zərərli vərdişdən hətta on illər boyu əziyyət çəkənlərə kömək edir.
Yerkökü hüceyrələrə məhvedici təsir göstərən, hətta DNT molekullarını zədələyən sərbəst radikalların əmələ gəlməsinə əngəl olan beta-karotin və E vitamini ilə zəngindir. Qeyd edək ki, sərbəst radikalların təsir altında hüceyrənin genetik kodu zədələnir ki, bu da onkoloji xəstəliklərin inkişafına yol açır. Sərbəst radikallar xərçəngdən başqa insult və infarkta yol açır, orqanizmin vaxtından əvvəl qocalmasına səbəb olur. Siqaret çəkənlərin məhz ağciyərində tütün tüstüsünün və çirkli havanın təsiri altında ən təhlükəli aktiv molekullar əmələ gəlir.
Yerkökü heç də təkcə tütün asılılığına kömək etmir. Bu nadir tərəvəz böyrək daşı, böyrək xəstəlikləri, miokard infarktı, anemiya, stenokardiya, ateroskleroz, xolesistit, bağırsaq qurdlarının tökülməsi, poliartrit, yuxarı tənəffüs yollarının katarı və orqanizmdə müxtəlif şişlərin müalicəsinə kömək edir. Kəskin xora, nazik və onikibarmaq bağırsaq iltihabında yerkökündən çox istifadə etmək olmaz. Yerkökü şirəsi stomatit və damaq xəstəliklərinə kömək edir. Süd qatışdırılmış yerkökü şirəsi öskürəyi müalicə edir, bronxit, laringit və pnevmoniya xəstəliklərində bəlğəmin təmizlənməsinə kömək edir.