İQTİSADİYYAT
“SOCAR yay məktəbi-2014”ün iştirakçıları qazandıqları nəzəri bilikləri istehsalatda tətbiq edirlər
![“SOCAR yay məktəbi-2014”ün iştirakçıları qazandıqları nəzəri bilikləri istehsalatda tətbiq edirlər](/files/2014/2/1200x630/14087125541632717002_1200x630.jpg)
Bakı, 8 avqust (AZƏRTAC). “SOCAR yay məktəbi-2014”ün üçüncü günündə iştirakçılara yataqların işlənməsi və istismarı mövzusunda məşğələlər keçirilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şirkətin Xarici Təqaüd proqramının məzunları iştirakçılar qarşısında qazma və quyu texnologiyası, modelləşdirmə və onun növləri haqqında təqdimatlarla çıxış ediblər. “bp-Azərbaycan” şirkətinin qazma mühəndisi Faiq Həsənov isə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarı çərçivəsində görülmüş işlər, tətbiq edilən müasir texnologiyalardan danışıb.
İştirakçılar qazandıqları nəzəri bilikləri istehsalatda tətbiq etmək məqsədilə “Bibiheybətneft” neft və qazçıxarma idarəsində olublar. Onları maraqlandıran suallar təcrübəli mütəxəssislər tərəfindən cavablandırılıb və istehsalat barədə geniş məlumat verilib.
Sonra iştirakçılarla görüşən ARDNŞ-in neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov Azərbaycanın müstəqillik illərində neft sənayesinin inkişafında yeni texnologiyalarının tətbiqi ilə böyük nailiyyətlər əldə etdiyini vurğulayıb, bu sahənin əsaslı inkişaf mərhələsinə qədəm qoymasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən söz açıb.
Sonda iştirakçılar üçün maraqlı interaktiv oyunlar təşkil edilib.