CƏMİYYƏT
Son altı ayda 70 iranlı məhbus cəzasının qalan hissəsini çəkmək üçün bu ölkəyə ekstradisiya olunub
Tehran, 28 avqust (AZƏRTAC). İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, Azərbaycan həbsxanalarındakı iranlı məhbuslar cəzalarının qalan hissəsini çəkmək üçün öz ölkələrinə köçürüləcəkdir.
İranın İSNA xəbər agentliyinin məlumatına görə, səfir M. Pakayin qeyd edib ki, 200-dən artıq iranlı cəzasını Azərbaycanın həbsxanalarında çəkir.
Onun sözlərinə görə, Azərbaycan həbsxanalarında cəza çəkən iranlı məhbusların əksəriyyəti narkotiklə bağlı maddələrlə ittiham olunurlar. Diplomat bildirib ki, son altı ay ərzində 70 iranlı məhbus cəzalarının qalan hissəsini çəkmək üçün İrana ekstradisiya olunub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran