REGİONLAR
Sosialist İnternasionalının baş katibi Luis Ayala Gəncə şəhərində olub
Gəncə, 30 aprel, Rauf Hacıyev, AZƏRTAC
Sosialist İnternasionalının baş katibi Luis Ayala Gəncə şəhərinə səfər edib, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyan Luis Ayala Gəncəyə ilk dəfə gəldiyini, şəhərin gözəlliyinin onu heyran etdiyini, gəncəlilərin çox qonaqpərvər olduğunu vurğulayıb.
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Luis Ayalanı Nizami yurdunda salamlayaraq Azərbaycanın ikinci böyük şəhəri Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı, həmçinin Gəncə şəhərində dünyaya göz açan dahi şəxsiyyətlər - Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh haqqında qonağa ətraflı məlumat verib.
Elmar Vəliyev bildirib ki, Gəncə şəhərində bu gün bütün sahələrdə sürətli inkişaf prosesi gedir.
Azərbaycana tez-tez gəldiyini qeyd edən Luis Ayala Gəncə şəhərində möhtəşəm beynəlxalq tədbirlərin təşkil olunduğunu qeyd edib. Sosial Demokratlar Beynəlxalq ailəsini təmsil edən Luis Ayala xüsusi vurğulayıb ki, təşkilatın əsas prinsipi cəmiyyətdə azadlıq, insan hüquqları kimi ideyaları müdafiə etməkdir.
Görüşdən sonra Sosialist İnternasionalının baş katibi şəhərin gəzməli-görməli yerləri ilə tanış olub.