DÜNYA
Stoltenberq: Ötən ilin fevral ayından NATO müttəfiqləri Ukraynaya 150 milyard avrodan çox yardım göstəriblər
Kiyev, 20 aprel, AZƏRTAC
NATO Ukrayna Silahlı qüvvələrini gücləndirməyə kömək etməkdə davam edəcəyinə söz verir, Alyans ukraynalıları ölkənin ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə dəstəkləyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Kiyevdəki mətbuat konfransında bildirib.
“NATO Ukrayna ilə birlikdədir. 2014-cü ildə Krımın qanunsuz qəsb edilməsindən sonra biz sizinlə həmrəy idik. Biz bu gün sizin qəhrəmanlıq mübarizənizdə sizinlə birlikdəyik. Siz sabah Ukrayna xalqının parlaq gələcəyi naminə işləyəndə də biz sizinlə bir yerdə olacağıq”, – deyə Stoltenberq vurğulayıb.
O, həmçinin qeyd edib ki, NATO müttəfiqləri on minlərlə Ukrayna əsgəri hazırlayıb. Stoltenberqin sözlərinə görə, ötən ilin fevral ayından bəri NATO müttəfiqləri 150 milyard avrodan çox məbləğdə, o cümlədən 65 milyard avro – hərbi yardım şəklində yardım göstəriblər, bu da Ukrayna ordusuna düşməni Kiyev, Xerson və Xarkovdan uzaqlaşdırmağa imkan verib.
NATO-nun baş katibi əlavə edib ki, indi Alyans üzvləri Ukraynanı daha çox təyyarə, tank və zirehli texnika ilə təmin edirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev