Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 23 iyun tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

 1. Ümumi müddəalar

 

 1.1. Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu (bundan sonra - Fond) haqqında Əsasnamə “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən hazırlanmışdır.

1.2. Fondun yaradılmasında əsas məqsəd balıq və digər su bioresurslarının artırılmasının, bərpasının, mühafizəsinin, balıqçılığın elmi təminatının və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etməkdir.

2. Fondun vəsaitinin formalaşdırılması

2.1. Fond aşağıdakı vəsaitlər hesabına formalaşır:

2.1.1. balıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələr;

2.1.2. balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr;

2.1.3. balıq və digər su bioresurslarına vurulan zərərə görə kompensasiyalar;

2.1.4. balıqçılıq təsərrüfatı ekspertizasının maliyyələşdirilməsi məqsədi ilə daxil olan vəsaitlər;

2.1.5. dövlət və qeyri-dövlət təşkilatlarının, fiziki və hüquqi şəxslərin könüllü ianələri;

2.1.6. qanunla nəzərdə tutulan digər mənbələr.

3. Fondun vəsaitindən istifadə

3.1. Fondun vəsaiti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin xüsusi xəzinə hesabında yığılır və həmin vəsaitdən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırıb təsdiq etdiyi gəlir və xərclər smetası əsasında, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istifadə olunur.

3.2. Köçürmələrin vaxtlı-vaxtında həyata keçirilməsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir.

3.3. Fondun vəsaiti balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından səmərəli istifadə edilməsinə, onların mühafizəsinə, süni artırılmasına və bərpasına, balıqçılıq təsərrüfatı meliorasiyası işlərinin aparılmasına, balıq və digər su bioresurslarının mühafizəsi üçün obyektlərin tikintisinə, istismarına, mühafizə olunan sahələrin yaradılmasına və inkişaf etdirilməsinə, balıq və digər su bioresurslarının mühafizəsi sahəsinin sosial inkişafına, balıq və digər su bioresurslarının mühafizəsi və akvakultura sahəsində proqramların və layihələrin hazırlanmasına, nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının mühafizəsinə və bərpasına, elmi tədqiqat, layihə-axtarış və təcrübi-metodiki işlərin aparılmasına, balıq və digər su bioresurslarının mühafizəsi, istifadəsinin tənzimlənməsi və akvakulturanın idarə edilməsi sahəsində işləyən mütəxəssislərin həvəsləndirilməsi məqsədi ilə onların sosial təminatına və maddi stimullaşdırılmasına, həmin sahədə işləri yerinə yetirmək üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər ləvazimatın alınmasına, həmçinin xarici ölkələrlə elmi-texniki əməkdaşlığın, balıq və digər su bioresurslarının dövlət monitorinqinin təşkilinə və keçirilməsinə sərf olunur.

3.4. Sosial təminata və maddi stimullaşdırmaya yönəldilən vəsaitin məbləği Fondun vəsaitinin 5 faizindən çox olmamalıdır.

3.5. Balıq və digər su bioresurslarının mühafizəsi və akvakultura üzrə ümumdövlət və regional əhəmiyyətli tədbirlərin keçirilməsinin maliyyələşdirilməsi üçün Fonddan “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə ayrılan vəsait onlara əvəzsiz verilir.

3.6. Fondun il ərzində istifadə olunmamış vəsaiti növbəti ilin hesabına keçirilir.

4. Fondun vəsaitindən istifadəyə nəzarət

4.1. Fondun vəsaitindən səmərəli istifadə olunmasına Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzarət edirlər.

4.2. Fondun vəsaitindən istifadəyə dair illik hesabatı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin